Heç fikir vermisiniz, yol ilə gedərkən, ictimai nəqliyyatda və ya ətrafınızda hər kəs yad olan istənilən bir ortamda həmişə gözünüz ən cazibədar olan şəxsi tapıb ona baxmaq istəyir, köməyə ehtiyacı varsa (yük qaldırmaq, yerə düşən əşyasını götürmək və s.) ona daha canla-başla kömək etmək istəyirsiniz, nəinki, digərlərinə, əsasən də qarşı cinsin nümayəndəsi olarsa bu şəxs. Bu tək sizdə deyil hər bir kəsdə olur. Bu növ davranışa psixologiyada Halo Effekti deyilir.
Siz şüuraltında hər gün dəfələrlə bu effekti yaşayırsınız. Halo Effekti şəxs haqda ilk müsbət təəssüratın ondan sonra gələcək bütün mənfi təəssüratlarını üstələməsinə deyilir. Yəni ki, siz görünüşcə daha cəlbedici birinə daha üstün şəxsi rəy verəcəksiniz, nəinki, ortabab və ya çirkin birinə. Bununla da həmən cazibədar şəxslərlə əlaqə yaratmaq, tanış olmaq, onlara kömək etmək istəyiniz artacaq. Hətta bu şəxs şeytanın vəkili olsa belə. Başqa bir misal: siz sevimli film aktyorlarınızı ən güclü, ağıllı, aristokrat və cəsur şəxslər olaraq təsəvvür edirsiniz. Amma reallıqda onların böyük əksəriyyəti oynadıqları rollardan tamam fərqlidirlər.
Halo Effekti gündəlik həyatda olduğu kimi iş həyatında da tez-tez qarşılanır. Ən çox da bu effekti işə qəbul prosesində İnsan Resursları əməkdaşları və rəhbərlər yaşayırlar. Buna ən bariz nümunə dəfələrlə tədqiqatlar, araşdırmaların yekunu olan: “Cazibədar insanlar daha tez iş tapırlar, daha çox pul qazanırlar, daha yuxarı vəzifələrdə işləyirlər” kimi nəticələrdir. Bəzən CV-dəki şəkil belə bu effekti yaradır, CV-ni gözdən keçirən şəxs şəkildə cazibədar birini görərsə, artıq CV-də yazılan digər məlumatlar ikinci plana keçir. Və ya namizəd CV-də iş təcrübəsi, bacarıqları haqqında təm-tərahlı, hərtərəfli məlumatlar da yazsa, bunların çoxu yalan da olsa belə, intervyu prosesində intervyu edənlər artıq o bacarıqlarla məftun olmuş olurlar və o məlumatların yalan ola biləcəyini unudurlar.
Kritik düşünmə və düzgün və ədalətli qərar vermək üçün bu effektdən yayınmaq lazımdır. Empati hissini inişaf etdirməklə və qarşınızdakının müsbət və mənfi cəhətlərini tərəzidə düzgün ölçməklə özünüzdə bu effekti minimumlaşdıra bilərsiniz.