12 Years a Slave (12 İllik Köləlik)
Bu bioqrafik dram filmi skripkaçı Solomon
Nortapın həyatını lentə alır. Günlərin bir günü Nyu-Yorklu Solomon Vaşinqtonda
maraqlı bir iş təklifi alır. Azad həyat yaşayan qaradərili Solomonu 1841-ci ildə
bu iş təklifi ilə oğurlayıb köləyə çevirirlər. Beləliklə Solomonun 12 il davam
edən əsirlik həyatı başlayır. Məhz o, ağlının, intellektinin, iradəsinin
hesabına köləlikdən xilas ola bilir. 2014-cü ildə “12 illik köləlik” ilin ən yaxşı
filmi kimi “Oskar” mükafatı qazanıb. Stiv Makkuinin möhtəşəm rejissor işini də
ortaya qoyduğu bu filmin səni uzun müddət öz təsirində saxlayacağına əminik.
Catch Me If You Can (Bacarırsansa, Tut Məni)
Frenk Ebeqneyl hələ 18 yaşına çatmamış həkimlik,
vəkillik və bir aviaşirkətdə pilot köməkçisi olur. Ebeqneyl, eyni zamanda çox
ağıllı bir fırıldaqçıdır. 16 yaşında ikən başladığı qəbz saxtakarlığını 26 ölkədə
davam etdirərək külli miqdarda pul qazanır. FBI agenti Karl Hanratti isə onun
izinə düşür. Stiven Spilberqin rejissoru olduğu bu film Leonardo DiKaprio, Tom
Henks, Kristofer Uoken və Emi Adams kimi məşhur Hollivud ulduzlarını birləşdirir.
Dallas Buyers Club (Dallaslı Alıcılar Klubu)
“Dallaslı Alıcılar Klubu” filmi narkotik
asılılığı olan QİÇS daşıyıcısı Ron Vudrufun həyatından ilhamlanmışdır. Rona
1986-cı ildə QİÇS-ə görə 30 günlük ömrü qaldığı bildirilir. Diaqnozdan dərhal
sonra qanuni olaraq istifadə edə biləcəyi tək dərman olan AZT-ni almağa
başlayan Ron sürətlə ölümə yaxınlaşdığını hiss edir. Çarəni ABŞ-da qanuni
olmayan, amma bütün dünyada tapılan təbii mənşəli preparatı almaqda görən Ron tədricən
çevrəsinə özü kimi insanları cəlb edərək “Dallaslı Alıcılar Klubu”nu yaradır.
Bu klub alternativ tibbə üstünlük verən hər kəsin köməyinə çatır, Ron isə həkimlərin
dediyi kimi 30 gün yox, düz 2191 gün yaşaya bilir!
Green Book (Yaşıl Kitab)
Rejissor Piter Farellinin “Yaşıl kitab”
filmi müxtəlif təbəqələrdən olan iki şəxsin, yəni məşhur afroamerikalı caz
pianoçusu ilə Nyu-York şəhərindən olan italyan mənşəli gözətçi arasındakı
dostluqdan danışır. Onların dostluğu 1962-ci ildə Amerikanın cənubunda konsert
turnesi zamanı, afroamerikalıların Cim Krou ərazisində təhlükəsiz səyahət etmələri
üçün yazılan “Yaşıl kitab” adlı kitabçadan istifadə edərkən başlayır. Bu 2
dostu uzun və əyləncə dolu turnedə müşayiət etmək sənə xüsusi zövq verəcək.
Filmin ssenari müəllifi Toni Lipin oğlu Nik Vallelonqa atasının ona danışdığı
hekayəni qələmə alıb. O hətta filmdə Toni Lipin səfərdə olarkən həyat yoldaşı
Dolorisə yazdığı əsl məktublardan da istifadə edib.
Bombshell (Qalmaqal)
“Qalmaqal” filmi “Fox News”un qurucusu və
baş direktoru Rocer Eylsın təcavüz qalmaqalının pərdə arxasından bəhs edir.
2016-cı ildə televiziya şərhçisi Qreçen Karlson Meqin Kelli və bir çox digər
qadının Rocer Eyslın təcavüzünə məruz qaldığını elan edir. Film izləyicilərinə
bu hadisənin ifşa olunmasını və arxasında duran media müdirinin hekayəsini
nümayiş etdirir. Filmdə illər əvvəl NBC kanalında aparıcılıq edən Meqin Kellini
Şarliz Teron, televiziya şərhçisi Qreçen Karlsonu Nikol Kidman, Kaylo Pospisili
isə Marqo Robbi canlandırır.
American Hustle (Amerikansayağı Kələk)
1970-ci illərdə baş vermiş hekayədən
ilhamlanan bu filmdə usta kələkbaz İrvinq Rozenfeld və iş ortağı Sidney Prosser
gənc və istedadlı FBI agenti olan Rişi DiMaso tərəfindən saxlanılır. Mühakimə
olunmamaq üçün isə yeganə çıxış yolları var: FBI üçün çalışmaq... Onlar bu təklifi
qəbul edib elə özləri kimi fırıldaqçıların izinə düşürlər. Agent DiMaso və iş
yoldaşlarının planına əsasən onlar Ərəb şeyxinin idarə etdiyi “Atlantik Siti”də
məşhur qumarbazların da iştirak etdiyi böyük bir oyunu təşkil edirlər. Əvvəl-əvvəl
kifayət qədər məsum və ağıllı görünən bu plan zaman keçdikcə dəyişməyə
başlayır. Ulduz heyəti ilə diqqət çəkən filmin aktyorları arasında Cennifer
Lourens, Bredli Kuper, Kristian Beyl, Emi Adams və Ceremi Renner var.
The Imitation Game (İmitasiya Oyunu)
“İmitasiya Oyunu” filmi II Dünya Müharibəsində
ingilis riyaziyyatçısı Alan Türinqin Eniqma kodunun sındırılmasında köməyindən
bəhs edir. Ssenari Alanın evinə edilən basqından sonra Nok və Stil adlı polislərin
onun evinə gəlməsi ilə başlayır. Türinqin şübhəli davranışı və hərbi xidməti
başa vurması haqda qeydlərin tapılmaması isə Nokda onun SSRİ casusu olması
haqqında şübhə oyadır. Nok tərəfindən dindirilən zaman Türinq Bletçli parkda
işlədiyi zaman yaşadıqları haqqında danışır. Triller və hərbi-bioqrafik dram
janrında olan bu filmi Qrem Murun ssenarisi əsasında rejissor Morten Tildum çəkib.
Film, 8 nominasiyada Oskara namizəd göstərilsə də, yalnız “Ən Yaxşı Adaptasiya
Edilmiş Ssenari” nominasiyasında qalib olmağı bacarıb.
Şərh yazmaq üçün daxil olun