employment.az employment.az

Dərc olunma tarixi

23.10.2025 Fərdi İnkişaf

Baxış sayı

eye 61

Oxunma müddəti

clock 6 dəq

Asan yoldan yaddaşımızı necə gücləndirə bilərik?

Güclü yaddaş beynimizin sağlam və fəal qalmasına bağlıdır. İstər final imtahanlarına hazırlaşan bir tələbə, istər iti zehni qabiliyyət tələb edən bir sahədə çalışan mütəxəssis, istərsə də əməkdaşları üçün mükəmməl bir nümunə olmağa çalışan rəhbər olun, fərq etmir — yaddaşınızı və zehni fəaliyyətinizi gücləndirmək üçün edə biləcəyiniz bir çox şey var. Ən gözəl tərəfi isə odur ki, bunların heç biri yaşınızla bağlı deyil.

“Yaşlı itə yeni hiylə öyrətmək olmaz” deyimi var. Ancaq beyin mövzusunda alimlər bu fikrin reallıqdan çox uzaq olduğunu sübut ediblər. İnsan beyni, yaşlılıq dövrlərində belə uyğunlaşma və dəyişmə qabiliyyətinə malikdir. Bu fenomen “neyroplastiklik” adlanır — yəni beynin özünü yenidən formalaşdıra bilmə, yeni sinir əlaqələri yaratma və mövcud əlaqələri dəyişdirə bilmə bacarığı. Doğru istiqamətləndirmə ilə beynimiz yeni neyron yollar qura bilər, köhnə əlaqələri yeniləyə bilər və həyatdakı davamlı dəyişikliklərə uyğun şəkildə reaksiya verə bilər.

Beynimizin özünü formalaşdırmaq qabiliyyəti, öyrənmə və yaddaş mövzusunda da eyni dərəcədə güclüdür. Siz neyroplastikliyin bu təbii gücündən yararlanaraq yaşınızdan asılı olmayaraq idrak qabiliyyətlərinizi, öyrənmə bacarığınızı və yaddaşınızı inkişaf etdirə bilərsiniz. Necəmi?

1. Beyin məşqləri edin

Yetkin yaşa çatdıqdan sonra beynimiz müəyyən məsələləri həll etmək, tanış problemləri çözmək və tapşırıqları minimum zehni səylə yerinə yetirmək üçün milyonlarla sinir yolundan istifadə etməyə başlayır. Amma siz yalnız bu yollarla məhdudlaşsanız, beyninizin güclənməsi üçün zəruri motivasiyanı yarada bilməzsiniz. Yəni, onu vaxtaşırı “dürtməlisiniz”.

Yaddaş da bədən quruluşu kimi “inkişaf etdir ya da itir” prinsipinə əsaslanır. Beynimizi nə qədər çox işlədəriksə, keçmişdəki məlumatları xatırlamağımız da o qədər asan olar. Qarşımıza çıxan bütün intellektual tapşırıqları yerinə yetirmək məcburiyyətində deyilik. Ən yaxşı beyin məşqləri hər zaman rutin davranışlardan çıxmaqla, beynə meydan oxumaqla əldə olunur.

Yeni bir fəaliyyətə başlayın. Fərqi yoxdur nədir — sizin üçün qeyri-adi olan, illərdir “rahatlıq zonasına” yerləşmiş beyninizi hərəkətə gətirəcək hər bir fəaliyyət yaddaşınızı və öyrənmə qabiliyyətinizi gücləndirəcək. Sevdiyiniz kafedə isti qəhvənizi içərkən belə bir tapşırıq həll edə bilərsiniz. Və bəli, bunu beyin məşqi kimi qəbul edin.

2. Gülün

“Gülmək ən yaxşı dərmandır” ifadəsini eşitməyən yoxdur. Digər emosional reaksiyalardan fərqli olaraq, gülmək beynin təkcə müəyyən hissələrini deyil, demək olar ki, bütün bölgələrini hərəkətə gətirir və ən güclü zehni məşqlərdən biridir. Psixoloq Daniel Golemanın dediyi kimi, gülmək insanlara daha geniş düşünmə və daha sərbəst ünsiyyət qurma imkanı yaradır.

Bəs gülmək üçün yollar axtarırsınız?

Özünüzə gülməyi öyrənin. Sizi əsəbiləşdirən vəziyyətləri paylaşın, buzda yıxılanda əsəbiləşmək əvəzinə bunun gülməli olduğunu qəbul edin. Daxilinizdən gülmək gəlirsə, onu boğmayın. Əmin olun ki, ən rəsmi və ciddi anlarda belə yerində edilən incə bir zarafat hər zaman qəbul edilə bilər. Əyləncəli insanlarla daha çox, sizi sıxanlarla isə daha az vaxt keçirin. Masanızda kiçik bir oyuncaq, divarınızda komik bir poster və ya ekranınızda gülümsəmənizi təmin edən bir şəkil olsun.

Bunların heç birini edə bilmirsinizsə, işi mütəxəssislərə — yəni uşaqlara buraxın. Onlar gülmək üçün bəhanəyə ehtiyac duymurlar. Onlarla oynamağın sevincini özünüzdən əsirgəməyin.

Qısacası, daha çox gülün.

3. Fiziki məşqlərdən uzaq qalmayın

Beyin məşqlərinin əhəmiyyəti çox böyükdür, amma bu, fiziki hərəkətlərdən uzaq durmaq demək deyil. Fiziki məşqlər beynə qan və oksigen axınını artırır, yaddaş və idrakı gücləndirir, həm də gələcəkdə yaddaş problemlərinə səbəb ola biləcək şəkər və ürək xəstəliklərinin riskini azaldır. Üstəlik, fiziki fəaliyyət stress hormonlarının ifrazını azaldaraq beynin kimyəvi balansını qoruyur.

Sadəcə televiziya qarşısında aerobika etməkdən danışmırıq. Ümumiyyətlə, ürək üçün faydalı olan hər şey beyin üçün də faydalıdır. Əl-göz koordinasiyası və mürəkkəb motor reaksiyalar tələb edən bütün fəaliyyətlər beynin inkişafı üçün idealdır.

4. Yuxunuzu nizamlı saxlayın

Universitet illərində imtahan həftələrini kofeinlə dolu içkilərlə və 3 saatlıq yuxu ilə keçirdiyimiz günləri xatırlayırsınızmı? Maraqlıdır ki, gecələr boyu oyaq qalmaq heç də uğurlu nəticə vermirdi.

Yuxunun miqdarı ilə gün ərzində ən yüksək zehni performansa çatmaq üçün lazım olan yuxu arasında böyük fərq var. Elmi olaraq sübut olunub ki, orta yaşlı insanlar üçün gündəlik 7 saatdan çox yuxu kifayətdir. Hətta bir neçə saatlıq fasiləsiz yuxu belə fərq yarada bilər.

Yaddaş, yaradıcılıq, problem həll etmə və analitik düşünmə bir-birindən ayrılmaz şəkildə bağlıdır və onların sağlam işləməsi üçün ən vacib amil yuxudur.

Hər gün eyni saatda yatın və eyni saatda oyanın — hətta tətillərdə belə bu rejimi qoruyun. Bir neçə həftə sonra yuxu problemlərinizin azaldığını və yaddaşınızın gücləndiyini görüb təəccüblənəcəksiniz. Yatmazdan ən azı 1 saat əvvəl televizordan, kompüterdən və telefondan uzaq durun. Axşam saatlarında kofein qəbul etməyin.

5. Dostlarınızla vaxt keçirin

Bir dəfə “Yaddaşımızı necə gücləndirək?” adlı seminarda iştirak etmişdim. Mühazirəçi bütün çıxışı ərzində sudoku, şahmat kimi zehni məşqlərdən danışdı. Amma mənim beynimdə qalan əsas sual bu oldu: “Niyə yaddaşımı gücləndirmək üçün daim qələm və kağıza, yaxud cihazlara ehtiyac duymalıyam?”

İnsan təbiətcə sosial varlıqdır. Biz tək ada həyatına uyğun şəkildə yaradılmamışıq. Digərləri ilə əlaqə beynimizi stimullaşdırır və sosial qarşılıqlı əlaqə, əslində, beyin üçün ən təbii məşqlərdən biridir.

Araşdırmalar göstərir ki, güclü dostluqlar və sosial dəstək sistemi təkcə emosional sağlamlıq üçün deyil, həm də beyin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Harvard Universitetinin İctimai Sağlamlıq şöbəsində aparılan bir tədqiqatın nəticələrinə görə, aktiv sosial həyatı olan insanlar yaddaş itkisinə ən az meyilli qrup hesab olunur.

6. Stressi idarə edin

Stress beynimizin ən böyük düşmənidir. Uzunmüddətli, yəni xroniki stress beyin hüceyrələrini zədələyir və yaddaşın formalaşmasına cavabdeh olan hipokampusa mənfi təsir göstərir.

Araşdırmalar göstərir ki, stresslə unutqanlıq arasında birbaşa əlaqə var. Bəs stressi necə idarə etmək olar?

  • Realist olun və nə vaxt “yox” deməli olduğunuzu bilin.

  • Gün ərzində özünüzə qısa fasilələr verin, tək qalın.

  • Duyğularınızı içinizdə saxlamayın, ifadə edin.

  • İş və istirahət arasında balans yaradın.

  • Eyni anda yalnız bir işə fokuslanın.

Bunlara əlavə olaraq, meditasiya stressi azaltmaqda çox təsirlidir. Beyindəki sinir fəaliyyətini ölçən tədqiqatlar göstərir ki, meditasiya edən insanların beyninin sol ön payı (prefrontal korteks) daha aktiv olur. Bu hissə isə insanın sakit, mülayim və düşünülmüş davranışlarına nəzarət edir.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    187

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?