employment.az employment.az

Dərc olunma tarixi

25.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 1794

Oxunma müddəti

clock 4 dəq

Müsahibədə bədən dilindən istifadə texnikaları

Araşdırmalar göstərir ki, ünsiyyətimizin 7%-ni sözlər, 38%-ni intonasiya, 55%-ni isə bədən dili təşkil edir. Göründüyü kimi sözlərdən çox hərəkətlərimiz bizim haqqımızda qarşı tərəfdə müəyyən bir fikrin formalaşmasına səbəb olur. Bu baxımdan müsahibə mərhələsində bədən dilindən doğru istifadə sizi digər namizədlərdən fərqləndirən amilə çevrilə bilər. İndi isə gəlin müsahibəyə hazırlaşarkən bədən dili ilə bağlı diqqətə yetirilməsi vacib olan məqamlarla tanış olaq.

 

 

Geyiminizi doğru seçin.

 

Əmin olun ki, geyiminiz səliqəli, rahatdır və hərəkətlərinizə maneə törətmir. Bu, xüsusən əl-qol hərəkətlərindən rahat istifadə etmək üçün çox vacibdir. Bir anlıq özünüzü işəgötürən kimi təsəvvür edin. Qarşınızda dar köynək geyinmiş bir namizəd əyləşsə və üzündə narahatlıq ifadəsi olsa, ona münasibətiniz necə olardı?

 

Çalışın müsahibəyə gələrkən özünüzlə az əşya götürəsiniz. Çox əşya varsa, onları bir çantaya yığmaq daha məqsədəuyğun olacaq.

 

 

Özünüzdən əmin formada salamlaşın.

 

Əl sıxma tərziniz barənizdə çox şey deməyə əsas verir. Sərt şəkildə müsahibəçinin əlini sıxmaq sizi təkəbbürlü, zəif əl sıxmaq isə utancaq kimi göstərə bilər. Əgər göz kontaktı qurmaqdan çəkinirsinizsə, bu o deməkdir ki, diqqəti asanlıqla dağılan və etibarsız insansınız. Ən optimal variant özünə inamlı şəkildə göz kontaktı quraraq əl sıxmaq və gülümsəyərək bunu qarşı tərəfə hiss etdirməkdir. Panel müsahibədə iştirak edirsinizsə, bütün müsahibəçilərlə göz kontaktı quraraq cavab verin, lakin əsas diqqətiniz sualı ünvanlayan şəxsdə olsun.

 

 

Gülərüz olun.

 

Bir çox işəgötürən ona göz süzdürən, suallarına ağız büzən və ya ələ salan namizədlə bacardıqca müsahibəni tez yekunlaşdırmağa çalışır. Halbuki simanızda xoş bir gülümsəmə ilə həm əhvalınızı artıra, həm də seçilməyiniz üçün şans yarada bilərsiniz. Xüsusən birbaşa müştəri ilə canlı ünsiyyətdə olacaq bir namizəd üçün müsahibədə gülümsər və pozitiv görünmək onun iş təklifi alma şansını ikiqat artıra bilər.

 

 

Oturuş tərzinizə diqqət yetirin.

 

Müsahibədə özünüzü rahat hiss etdiyiniz tərzdə—başınızı dik tutaraq çiyinlərinizi arxaya doğru, lakin sıxmadan oturmağa çalışın. Oturarkən bədəninizi müsahibə götürən tərəfə çevirməyiniz və bir qədər irəli doğru  əyilməyiniz sizin həqiqətən də işə can atdığınızı və marağınızı göstərəcək. 

 

Psixoloq Pol Ekman aşkar edib ki, ayaqlar bədən dilində ən az nəzarət etdiyimiz bölgə olduğundan yalan danışan zaman onları daha çox hərəkət etdiririk. Bundan əlavə, ayaqlarınızı çarpazlamaq və ya tez-tez silkələmək onu göstərir ki,hazırda olduğunuz vəziyyətdən narahatsınız və mümkün qədər məkanı tez tərk etmək istəyirsiniz. Bədən dili üzrə mütəxəssislər Alan və Barbara Pizin apardığı araşdırmada özünə güvənməyənlərin də ayaqlarını tez-tez çarpazladığı müəyyən edilmişdir. 

 

 

Əl-qol hərəkətlərinizi doğru tənzimləyin.

 

Əllərinizi bədəninizin önündə çarpaz tutmaq və ya qoynunuza qoymaq haqqınızda laqeyd, darıxdırıcı insan təəssüratı yarada bilər. Əlinizi üzünüzə toxundurmaq isə sizi asanlıqla fikri dağılan insan kimi göstərə bilər. Bunun əvəzinə əllər açıq şəkildə ovuc içinizi göstərərək danışmaq qarşı tərəfə dürüst və özündən əmin insan olduğunuz barədə mesaj ötürəcək. Bu jestdən dünya liderləri auditoriyanı inandırmaq üçün məharətlə istifadə edir.

 

 

Telefonu kənara qoyun.

 

Namizədin telefondan fikrini çəkə bilməməsi müsahibədə bağışlanmaz səhvlərdən biri hesab edilir. Hətta saatı yoxlamaq məqsədilə telefona baxmaq belə hörmətsizlik sayılır. Bu səhvə yol verməmək üçün müsahibə otağına daxil olarkən telefonunuzu söndürün və gözdən uzaq bir yerə qoyun. 

 

Müsahibə həyəcanı özümüzdən asılı olmayaraq bizi yanlış hərəkətlər etməyə vadar edə bilər. Odur ki, belə vəziyyətə düşməmək üçün bədən dili hərəkətlərindən xəbərdar olmalı, gündəlik həyatımızda məşq edərək vərdiş halına çevirməliyik. Bunun üçün özünüzü 1 dəqiqəlik videoya çəkərək bədən dilinizi analiz edə bilərsiniz: duruşunuz necədir?; bacarıqlarınızı vurğulayarkən nə dərəcədə özünüzdən əmin görünürsünüz?; danışarkən nə dərəcədə fikriniz yayınır?

 

Bu suallara cavab taparaq öz üzərinizdə işləsəniz, müsahibədə uğur sizinlə olacaq. Bədən dili haqqında daha ətraflı məlumata yiyələnmək üçün Alan və Barbara Pizin “Bədən dili haqqında mükəmməl kitab”ını oxuya bilərsiniz.

 

heart save

Yusifi Xanim

20.09.2023

Təşəkkürlər💟

Rashid

20.09.2023

Faydalı məlumatlar üçün təşəkkürlər 👍🏼

Arzu Qurbanzadə

20.09.2023

Maraqlı və faydalı məlumat üçün təşəkkürlər, Fidan xanım👍🌸

Yazar
  • İstifadəçi adı:

    Fidan Ağayeva
  • Ad Soyad:

    Fidan Ağayeva
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.